24 dekabr 2014-cü il tarixdə Gədəbəy şəhərinə su təchizatı və kanalizasiya sistemi çəkilişinin təməl qoyma mərasimi keçirildi
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təməl qoyma mərasimi keçirilib. Təməl qoyma mərasimində Rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Yediyarov və “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov da iştirak etdi.
Gədəbəy şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən ilkin olaraq 11000 nəfər faydalanacaq, daha sonra şəhərin mərkəzi ilə yanaşı rayonun ətraf kəndlərini də əhatə edəcək.
Layihəyə əsasən Gədəbəy şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi kimi Südlübulaq bulaqları seçilib. Bulaq sularının toplanması məqsədi ilə su mənbəyində suqəbuledici qurğu tikiləcək və Gədəbəy şəhərinə 15 km uzunluğunda magistral su xətləri çəkiləcək və 7 ədəd su anbarı meydançası tikiləcək. Şəhərin coğrafi relyef şəraiti nəzərə alınaraq ümumi tutumu 500 kubmetr olan 8 ədəd və 250 kub metr olan 6 ədəd olan su anbarı tikiləcək.
Layihə çərçivəsində ilk dəfə Gədəbəy şəhərində kanlizasiya sistemi və bu məqsədlə 68 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və bütün abunəçilər şəbəkəyə qoşulacaq. Tullantı sularının çirkab sutəmizləyici qurğuya ötürülməsi məqsədi ilə 700 m uzunluğunda kanalizsiya kollektoru tikiləcək.
Gədəbəy şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasına 24 dekabr 2014-cü il tarixdən start verildi. İlkin işlər Gədəbəy şəhərindən başlanılıb və gələcəkdə rayonun ətraf kəndləri də bu layihəyə qoşulacaq.