Şriftin ölçüsü :

Saytın rəngi :

12 dekabr 2014-cü il tarixdə saat 11:00-da Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı aparatında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa keçirilib.

12 dekabr 2014 | 16:00

Dəyirmi masada Gədəbəy rayonu İcra hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri eləcə də rayonun idarə, müəssisə təşkilatlarının rəhbərləri də iştirak etdi. Tədbirin əvvəlində dəyirmi masa iştirakçıları Mərkəzi parkda  ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə  gül dəstələri düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Daha sonra Tədbir Rayon İcra Hakimiyyəti başçısı aparatında, dəyirmi masa ətrafında davam etdirilidi. Tədbiri  RİH başçısı cənab Ramiz Yediyarov öz çıxışı ilə açaraq,  ümummilli lider, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin inkişafında, onun dünyada tanınmasında, müstəqilliymizin əldə olunmasında əvəzsiz xidmətindən danışdı. Ulu öndər Heydər Əliyevin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi, mənsub olduğu xalqın onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malik olduğunu vurğuladı.
Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Heydər Əliyevin hakimiyyətdə olduğu 30 ildən çox bir dövr ərzində xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.
Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra hadisələr sürətlə cərəyan etməyə başladı. Minlərlə azərbaycanlı əzəli torpaqlarından, yurd-yuvalarından qovuldu.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları Bakını işğal edib yüzlərlə insanı gülləbaran etdi. Bu ağır faciənin acısına dözməyən Heydər Əliyev heç bir təzyiq, təqib və təhdidə məhəl qoymadan, Moskvanın mərkəzində hiddət və qəzəbini bütün dünyaya bəyan etdi.
Haqqın və ədalətin bərpası üçün isə tarixə elə böyük vaxt lazım gəlmədi. Azərbaycan xalqı öz sevimli oğlunu, böyük dahi və parlaq şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı.
Dünyanın siyasi axarını, nəhəng dövlətlərin maraqlarının çarpazlaşan nöqtələrini çox gözəl bilən Heydər Əliyev dərin zəkası, siyasi uzaqgörənliyi və polad məntiqi ilə hər şeyi yerinə qoya bildi. Heydər Əliyev müstəqil Azərbaycanı siyasi fırtınaların cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı.
İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır.
Ulu öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarix dahi şəxsiyyətin uzaqgörənliyini yenə təsdiqlədi. Bunun üçün elə də böyük vaxt lazım olmadı. Əməli fəaliyyəti, xalqına və Vətəninə məhəbbəti ilə ümumxalq sevgisi qazanan Prezident İlham Əliyev artıq ikinci dövr üçün dövlətimizin başçısı seçilmişdir və ulu öndər tərəfindən qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlir.
Məhz bu uğurlar Prezident İlham Əliyevə xalqın sonsuz rəğbət və hörmətini qazandırmışdır. Dövlətimizin başçısının rəhbərliyi altında qazanılan nailiyyətlər bu gün də davam edir və xalqımızı xoşbəxt gələcəyə doğru aparır.

Sonda RİH başçısının birinci müavini - Qüdrət Paşayev, RİH başçısının Aqrar məsələlər üzrə müavini – Rüstəm Nağıyev, Gədəbəy rayon Prokuroru – Allahverdi Səfərov, Rayon Polis Şöbəsinin rəisi – Məhərrəm Quliyev, Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev, Mədəniyyət və İncəsənət Şöbəsinin müdiri Ramiz Məmmədov da çıxış etdilər.

Keçidlər