Gədəbəydə “Turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilmişdir
İqtisadi İnkişaf Nazirliyinin (İİN), Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gədəbəydə “Gədəbəy rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə turizm obyektlərində xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün kadrların peşə hazırlığının artırılması, praktiki əmək vərdişlərinin formalaşdırılması, tanınmış turizm şirkətləri ilə təcrübə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunmuşdur. Turistlərin qarşılanmasının, yerləşdirilməsinin, qidalanmasının, gəzintilərin, əyləncələrin və digər xidmətlərin müasir tələblərə uyğun təşkili, kənd turizminin formalaşdırılması, turizm obyektlərində marketinq fəaliyyətinin təşkili və s. barədə ətraflı məlumat verilmiş, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirilmişdir.
Seminar çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.