Gədəbəy rayonunda 18 oktyabr Müstəqillik günü münasibətilə tədbir kecirildi
17 oktyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin yaranmasının 23 ildönümü münasibəti ilə Gədəbəy rayonunda tədbir keçirildi. Tədbirdə idarə, müəssisə, təşkilat və hüquq mühafizə orqanlarının rəhbərləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül düzdülər. Sonra tədbir Mədəniyyət Sarayında davam etdirildi. Tədbiri giriş sözü ilə Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev açaraq, Azərbaycan xalqının ən əlamətdar bir tarixi hadisənin, öz dövlət müstəqilliyini bərpa etməsinin 23 ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
O, bildirdi ki, müstəqilliyimizi əldə etdikdən sonra hər il 18 oktyabr günü xalqımız tərəfindən bayram günü kimi qeyd olunur. Ölkəmizdə və eləcə də rayonumuzda aparılan böyük abadlıq-quruculuq işləri barədə geniş məlumat verildi. Son 10 il ərzində Heydər Əliyev siyasətini inamla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafında misilsiz xidmətləri olduğu da vurğulandı.
Sonra Gədəbəy rayon Prokuroru Allahverdi Səfərov və Xarxar kənd tam orta məktəbinin müəllimi Səkinə Əliyeva çıxış edərək qeyd etdilər ki, Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirildi.