Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilmişdir

17 sentyabr 2011 | 15:00

Gədəbəydə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı təntənəli mərasim keçirilmişdir.
Rayon mərkəzindəki Heydər Əliyev parkının ətrafına toplaşmış yüzlərlə sakin ölkəmizin tarixində ən əlamətdar hadisə olan bu bayramı böyük sevinclə qeyd etmişdir. Əllərində Azərbaycan bayraqlarını, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin və ölkəmizi qısa vaxt ərzində dünyaya tanıdan Prezident İlham Əliyevin portretlərini tutmuş hər bir gədəbəylinin üzündən sevinc oxunurdu.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə müstəqil ölkəmizin son 20 ildə keçdiyi çətin və şərəfli yola həsr olunmuş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlətinin suverenliyi rəsmən bəyan edilsə də, Prezident İlham Əliyevin dediyi kimi, ilk illərdə müstəqilliyimizi qoruyub saxlamaq onu qazanmaqdan çətin oldu. Bir tərəfdən xarici düşmənlər, digər tərəfdən ölkə daxilində gedən hakimiyyət davası Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Məhz belə bir çətin vaxtda ümummilli liderimiz Heydər Əliyev yenə öz xilaskarlıq missiyası ilə, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldi və ölkədə yaranmış xaos və özbaşınalıqlara qısa vaxt ərzində son qoydu. Tarixdə ilk dəfə olaraq Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Prezident İlham Əliyev ulu öndərin başladığı işləri uğurla davam etdirdi. Avropaya sürətlə inteqrasiya edən Azərbaycan məhz Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində bu gün regionda lider dövlətə çevrilmişdir.
Sonra hərbi orkestrin marş sədaları altında təntənəli bayram nümayişi olmuşdur. Əvvəlcə əsgərlər meydandan mətin addımlarla keçmişlər. Sonra əllərində Azərbaycanın dövlət bayrağını tutmuş atlılar, faytonlar və respublikamızın, eləcə də rayonun 20 ildə qazandığı uğurları əks etdirən şüarlar tutmuş rayon sakinləri iftixarla meydandan keçmişlər.
Nümayişdən sonra Muğam Teatrının kollektivi gədəbəylilər üçün rəngarəng proqramla böyük bayram konserti vermişdir. Tanınmış mədəniyyət xadimi Arif Qazıyevin rəhbərliyi ilə keçirilən konsertdə muğam ustaları Vətəni, qəhrəmanlığı vəsf edən mahnılarla bayram təntənəsinə xoş ovqat bəxş etmişlər. Gədəbəy xalq aşıqları ansamblı üzvlərinin çıxışları da alqışlarla qarşılanmışdır.
Bayram şənliyi atəşfəşanlıqla başa çatmışdır.
 

Keçidlər