Bu gün prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Gədəbəy Rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib.
01 oktyabr 2014-cü il tarixində Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Gədəbəy rayonunda tədbir keçirildi. İlk öncə rayon rəhbərliyi və prokurorluğunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydu, xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin dəyirmi masa otağında davam etdirildi. Tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Yediyarov bildirib ki, prokurorluq orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olmuşdur. 17 iyul 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Bu gün də davamlı olaraq Hörmətli Prezidentimiz İlham Əliyev də prokurorluq işçilərinə hər zaman diqqət və qayğı ilə yanaşır. Azərbaycan Respublikası Prokurorluğu qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət etdiyi vurğulanmışdır. Sonra Gədəbəy Rayon prokuroru Allahverdi Səfərov da öz çıxışında prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi, ölkədə demokratik islahatların həyata keçirilməsində bu orqanın işinin gücləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının fəaliyyətinin artırılmasında göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə prokurorluq işçiləri adından öz təşəkkürlərini bildirmişdir.