Sentyabrın 9-da rayonun mədəniyyət evində Gədəbəy rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Sentyabrın 9-da rayonun mədəniyyət evində Gədəbəy rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Zöhrab Kəlbəliyev iştirak etmişlər.
Konfransda “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur. Konfransı giriş sözü ilə rayon Təhsil Şöbəsinin müdiri Baxış Nağıyev açmış və qeyd olunan məsələ barədə məruzə etmişdir.
Məruzə və çıxış edənlər ölkəmizdə təhsilin hərtərəfli inkişafı üçün böyük diqqət və qayğı göstərdiklərinə görə dövlət başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva öz dərin minnətdarlığını bildirmiş, göstərilən diqqət və qayğılara yüksək əməli işlərlə cavab verəcəklərini böyük inam hissləri ilə vurğulamışlar.
Rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Yediyarov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermişdir.
Konfrans iştirakçıları tərəfindən respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.