Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı maarifləndirmə layihəsi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçiləri, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri və Slavyanka kənd sakinləri iştirak edirdilər.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev tədbiri giriş sözü ilə açaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanovanı, kənd sakinlərini salamladı və tədbir haqqında məlumat verdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova çıxış edərək, möhkəm ailənin təməlinin necə qoyulmasından danışdı. O bildirdi ki, ailə cəmiyyətimizin əsas özəyidir və dövlətin himayəsindədir. Ailə hüquqlarının reallaşdırılmasının müdafiəsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada dövlət nəzarətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsi olan ənənəvi ailə dəyərlərinin qorunub saxlanılması, eləcə də aztəminatlı, çoxuşaqları və digər kateqoriyalara aid olan ailələrə dövlət qayğısının göstərilməsi, onların sosial müdafiəsinin gücləndirilməsidə prioritet məsələlərdən biridir.
Böyük Vətən müharibəsi əlili Bəhrəm Hüseynov çıxış edərək, ölkə rəhbərliyi tərəfindən Böyük Vətən Müharibəsi əlillərinə göstərdiyi diqqət və qayğıdan danışdı. Buna misal olaraq bir neçə gün əvvəl ölkə rəhbərliyi tərəfindən ona avtomobil hədiyyə edildiyini də diqqətə çatdırdı və ölkə rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.
Kənd ağsaqqalı Mirzəli Abbasov çıxış edərək, öz möhkəm və uzunömürlü ailəsini nümunə göstərdi və bildirdi ki, cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qurulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün ailə bağlarının iki əsas ünsür – məhəbbət və paklıq üzərində köklənməsi zəruridir.
Gədəbəy rayon Qeydiyyat Şöbəsinin müdiri Vidadi Əliyev çıxış edərək, nikah müqaviləsinin bağlanmasının önəmindən və bu sahədə mövcud olan problemlərdən danışdı. O, bildirdi ki, nikaha daxil olan bütün insanlar qurduqları ailənin bir ömür boyu dağılmayacağını inanırlar. Lakin, heç kəs düşünmür ki, o, boşana, mülkiyyətini bölə bilər. Belə münaqişələrin sivil həlli yolunu nikah müqaviləsi təşkil etdiyini bildirdi.
Slavyanka bələdiyyəsinin sədri Məmmədov Firudin çıxış edərək bildirdi ki, ailə kiçik dövlətdir, yəni cəmiyyətin əsas özəyi kimi ailə möhkəm təməl üzərində qurulmalıdır. Bu təməl mənəvi, psixoloji, fizioloji, özünü dərk, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmalıdır. Belə olduqda ailədə boşanmaq üçün əsas ola bilməz. Ailədə məhəbbət və paklığa səbəb olan hər bir şey bu müqəddəs quruluşu möhkəmləndirir. Möhkəm ailə quruluşuna sahib olmaq üçün ilk addım İslam dinində ailə qurmaq üçün nəzərdə tutulmuş qayda-qanunlara riayət etmək də vacib şərtlərdəndir.
Slavyanka kənd sakini Abbasova Afət və İsmayılova Nisə də çıxış edərək, övladların tərbiyə olunmasında valideylərin rolundan danışdılar. Vurğuladılar ki, valideynlər tərəfindən uşağın davranışına mütəmadi fikir verilməlidir. Valideynin diqqəti uşaqda özünə inam hissi yaradır və o, aydın hiss edir ki, onun üçün çətin sayılan dəqiqələrdə belə, ona ən yaxın insan məhz valideynidir.
Tədbirin sonunda Gədəbəy RİH başçısının birinci müavini Qüdrət Paşayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovaya öz təşəkkürünü bildirdi və bununla da tədbir sona çatdı.