Qadınların ictimai-siyasi fəallığının artırılması məqsədi ilə tədbir keçirildi.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul işçiləri, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Naftalan, Daşkəsən, Göygöl, Goranboy, Samux rayonlarının hər birindən 10 nəfər fəal qadın və Gədəbəy rayonunun ictimai-siyasi həyatında rolu olan fəal qadınlar iştirak edirdilər.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev tədbiri giriş sözü ilə açaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanovanı, rayonumuzun qonaqlarını və toplantı iştirakçılarını salamladı və Gədəbəy rayonunda aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verdi.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova çıxış edərək, regionlarda qadınların bələdiyyə üzvü olmaq üçün seçkilərə namizəd kimi qatılması, dövlət qadın siyasətinin əsas istiqamətlərindən birinə-qərar qəbulu səviyyəsində qadınların təmsilçiliyinin artırılması və gender bərabərliyinin təmin edilməsi ilə bağlı ətraflı danışdı. O, bildirdi ki, qadın fəallığının artırılmasının məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Gender bərabərliyi - qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti, insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar deməkdir. S.Qəhrəmanova bildirdi ki, ölkəmizdə qadın siyasəti dövlətimizin əsas prioritet sahələrindəndir. Daim diqqət mərkəzində olan qadınların ictimai fəallığının artırılması üçün bir sıra uğurlu addımlar atılıb. Bu gün cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada qadın nəfəsi duyulmasın. İndi Azərbaycan qadını analıq missiyasını yerinə yetirməklə yanaşı, dövlətin idarə olunmasında fəallıqla iştirak edən böyük qüvvədir. Dövlətimizin başçısı tərəfindən bu sahədə imzalanan bir sıra Sərəncamlar qadınların ictimai fəallığı üçün geniş imkanlar açmaqla yanaşı, onların bacarıqlarının üzə çıxarılması üçün stimul yaradır.
Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova iştirakçıların suallarını cavablandırdı və bununlada tədbir sona çatdı.