Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilmişdir.

27 sentyabr 2022 | 09:08
27 sentyabr 2022-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının, hüquq mühafizə orqanlarının, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov çıxış edərək qeyd etmişdir ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Məhz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Daha sonra tədbir iştirakçılarından rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, şəhid anası Tamilə Məşədiyeva, Azərbaycan Bayrağı ordenli qazi Pərviz Mirzəyev və Vətən Müharibəsi iştirakçısı Etibar Əliyev çıxış edərək 44 günlük Vətən Müharibəsi ilə bağlı xatirələrini paylaşmış, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışmış, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Saat 12:00-da isə rayon ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailəsi üzvlərinin və qazilərin iştirakı ilə Heydər Əliyev parkında şəhidlərin xatirəsinə ağac əkmişdir.
Keçidlər