Şriftin ölçüsü :

Saytın rəngi :

23 İyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur

23 iyun 2022 | 15:21

Gədəbəydə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib.

Gədəbəy RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH-in məsul işçiləri bu münasibətlə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyevin bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

Azərbaycanda dövlət qulluqçularının sayı ildən-ilə daha da artır ki, bu da yeni idarəetmə strukturlarının yaradılması və bəzi qurumların yenidən təşkil olunması ilə bağlıdır. Azərbaycanda dövlət qulluqçularının yaş tərkibi ildən-ilə cavanlaşır, daha təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir ki, bu da müsbət nəticəsini göstərir.

Dövlətimizin inkişafı, tərəqqisi və rifahı naminə hər bir dövlət qulluqçusu öz vəzifəsini vicdanla, Vətəninə, xalqına sədaqət hissi ilə yerinə yetirməyə borcludur.

Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsidir.

Eyni zamanda Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, vətən müharibəsi iştirakçısı Elçin Zeynalabdıyev, Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə medalları, Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuş, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş, həmçinin dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup əməkdaşa rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilmişdir.

 

Bütün Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edirik.

Keçidlər