Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans təşkil edilib

10 iyun 2022 | 17:53

15 iyun Milli Qurtuluş Günü ərəfəsində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy, Daşkəsən, Şəmkir rayon və Şəmkir hərbi prokurorları və həmin prokurorluqların əməkdaşları, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, media və qeyri-hökumət təşkilatlarının, eləcə də Gədəbəy rayon ictimaiyyətinin nümayəndələri və ziyalılarının iştirakı ilə “Hüquqi dövlət quruculuğu və müstəqil Azərbaycan mediasının inkişafında Heydər Əliyev irsi” adlı konfrans təşkil edilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
Daha sonra konfrans iştirakçıları Gədəbəy rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.
Konfrans zamanı çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev mötəbər tədbirin Gədəbəy şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edərək dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratdığını qeyd etmiş, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikasının möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrildiyini vurğulamışdır.
Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu tədbir zamanı qeyd edən Gədəbəy rayon prokuroru Əli Babayev ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib.
Konfrans zamanı, həmçinin, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Şəmkir Regional QHT Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Bədəlov çıxışlar edib. 
Tədbir iştirakçıları Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında ərsəyə gəlmiş ümummilli liderin xatirəsinə həsr olunmuş “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli filminə baxıb. 
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər