Gədəbəydə şəhid ailələri ilə görüş keçirilib
16 may 2022-ci il tarixdə Gədəbəy rayonunun Novoivanovka kəndində Vətən müharibəsi şəhidləri Məmməd Əliyevin, Bayram Qasımovun, Elmar Cəfərovun, Şəhriyar Hacıyevin və Vüsal Hüseynovun ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir diləyib. 44 günlük Vətən müharibəsində yüzlərlə gədəbəyli gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib.Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb. Qeyd edib ki, şəhid ailələrinin hüquqlarını müdafiə etmək, onların sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həllinə köməklik göstərmək məqsədilə “Yaşat” Fondunun və yerli icra hakimyyəti orqanlarının strukturlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılması, şöbə müdirinin və böyük məsləhətçinin də qazilərin arasından seçilməsi şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının bariz nümunəsidir.
Daha sonra Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin problemləri və onları narahat edən məslələri dinləyib. Səslənən müraciətlər arasında şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb.
Görüşün sonunda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçsı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.