Gədəbəy rayonunda 15 iyun “Milli Qurtuluş Günü” münasibətilə tədbir kecirilmişdir
15 iyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müasir müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov xatırlatmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana rəhbərlik etmiş qüvvələrin səriştəsizliyi və bacarıqsızlığı müstəqilliyini yeni bərpa etmiş ölkəmizi uçuruma doğru aparırdı. 1993-cü ilin iyununda böhran son həddə çatmış, ölkə parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır, taleyüklü məqamda xalqımız birləşərək öz iradəsini ortaya qoymuş, təkidlə Ümummilli Liderin hakimiyyətə qayıdışını tələb etmişdi. Azərbaycan xalqının səsinə səs verən Ulu Öndər iyunun 15-də hakimiyyətə qayıdışı ilə ölkəmizin həyatında yeni bir mərhələnin əsasını qoydu. Öz uzaqgörən və müdrik siyasəti ilə xalqı düşdüyü ağır vəziyyətdən, Azərbaycanı isə dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək böyük tarixi missiyanı şərəflə yerinə yetirdi.
R.Yediyarov qeyd etmişdir ki, Azərbaycanın dərin siyasi böhrandan qurtulması məhz Ulu Öndərin hakimiyyətə qayıdışı sayəsində mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq istinad etdiyi rasional seçim strategiyası və bunun fonunda atdığı mühüm strateji addımlar hesabına ölkədə hökm sürən dağıdıcı proseslərin mərhələli şəkildə neytrallaşdıra bildi. Çox keçmədən respublikamızda ictimai-siyasi sabitlik bərpa olundu, vətəndaş müharibəsinin qarşısı alındı, separatçı qüvvələr zərərsizləşdirildi, demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Ölkəmizin sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərə söykənən qabaqcıl ideologiya dövlət quruculuğu prosesinin aparıcı siyasi xəttinə çevrildi. Dahi şəxsiyyətin xarici siyasətdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdı. Azərbaycan dünya birliyinin layiqli üzvünə çevrildi.
Vurğulanmışdır ki, Ulu Öndər hakimiyyətinin hər iki dövründə ümumxalq mənafeyindən çıxış etmiş və bu amal uğrunda əlindən gələni əsirgəməmişdir. Məhz buna görə də Heydər Əliyev hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə möhtəşəm bir abidə ucaldaraq canlı əfsanəyə çevrilmişdir.
1993-cü il 15 iyun gününün müstəqillik salnaməsinə şanlı və parlaq səhifə kimi yazıldığını vurğulayan R.Yediyarov bu tarixi, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günü kimi səciyyələndirmişdir. O qeyd etmişdir ki, Heydər Əliyev irsinə müasir dövrümüzdə böyük maraq və məhəbbətin yaranması, Ulu Öndərin siyasi fəaliyyətinin daha dərindən araşdırılması məhz bu amillərdən qaynaqlanır. Daha sonra Gədəbəy RİH başçısının brinci müvini Qüdrət Paşayev və digər idarə müəssisə rəhbərləri çıxış etmişlər.