Gədəbəy rayonunda səyyar qəbulun növbəti ünvanı Düz Rəsullu kəndi olub.
Aprelin 20-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Düz Rəsullu kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.
Səyyar qəbulu giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev açaraq, vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, Rayon İcra Hakimiyyətinin səlahiyyəti daxilində həlli mümkün olan müraciətlərin yerindəcə həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin ümumiləşdirilərək aidiyyəti qurumlara müraciət edilərək onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Natiq Nağıyev sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, həmçinin onları narahat edən mövcud problemlərlə bağlı müraciətlər etmişlər. Kənddə kəndarası yolların təmir olunmasına köməklik göstərilməsi, kənddə istismar müddətini başa vurmuş elektrik dayaqlarının və naqillərinin yenisi ilə əvəz olunması və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilmişdir.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.