Şriftin ölçüsü :

Saytın rəngi :

Kiçik Qaramurad kəndində səyyar görüş keçirilib.

16 mart 2022 | 16:00

Bu gün əminliklə qeyd edə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, dövlət hər zaman vətəndaş məmnunluğunu əsas götürür. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarında sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədi daşıyır.
2 ildən artıqdır ki, məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər dayandırılmışdı. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən səyyar görüşlərin keçirilməsi yenidən bərpa edilib.
Uzun fasilədən sonra keçirilən növbəti səyyar görüş martın 16-da rayonun Kiçik Qaramurad kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışılıb. 2021-ci ildə respublikamızda, eləcə də rayonda qazanılan uğur və nailiyyətlərə nəzər yetirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb.
Səyyar görüşdə əsasən kənddə kəndarası yolların təmir olunması, kənddə təbii qaz xəttinin çəkilməsi və elektrik xətlərinin yenilənməsi ilə əlaqədar təkliflər səsləndirilib.
Qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirilib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sonda kənd sakinləri ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər