Gədəbəy rayonunda Gənclər Günü qeyd olunub
Gədəbəy rayon İcra hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Aşıqlar Məktəbində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, rayon Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin, rayon Heydər Əliyev Mərkəzinin məsul əməkdaşları və digər rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev 2 Fevral – Gənclər Günü münasibətilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan münbit şəraitdən, qazanılmış uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb.
Tədbirdə çıxış edən iştirakçılar müxtəlif sahələrdə gənclərin uğurlu fəaliyyətindən, onlara göstərilən ən yüksək diqqət və qayğıdan danışıblar. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdə gənclərin müstəsna xidmətləri olduğu vurğulanıb.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Tədbir musiqi kompozisiyası ilə başa çatıb.