Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Kənan Müzəffərlinin doğum günündə məzarı ziyarət olunub
Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Müzəffərli Kənan Azər oğludur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Bu gün 26 yaşını qeyd etdiyimiz Kənan Müzəffərlinin xatirəsi yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Çalburun kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Kənan Müzəffərlinin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Kənan kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Kənan Müzəffərli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.