Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda şəhidin xatirəsinə çəkilmiş bulağın açılışı olmuşdur.

12 noyabr 2021 | 16:00

Gədəbəy rayonunun İnəkboğan kəndində Vətən müharibəsi şəhidi Allahverdiyev Turxan Rəsul oğlunun xatirəsinə çəkilmiş bulağın açılışı olmuşdur. Açılış mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, digər məsul şəxslər və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağından danışılmışdır.
Qeyd edək ki, Allahverdiyev Turxan Rəsul oğlu  5 aprel 1996-cı ildə Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Gədəbəy rayonunun Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib. 2014-cü ilin Aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. Turxan 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən) hərbi qulluqçusu kimi xidmət edib. 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başladı. Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanır.  Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlir. Turxan noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Allahverdiyev Turxan Rəsul oğlu Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.

 

Keçidlər