Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 27 sentyabr Anım günü ilə bağlı tədbir keçirilmişdir.

27 sentyabr 2021 | 16:00

27 sentyabr 2021-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı  tədbir keçirilmişdir. Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək qeyd etmişdir ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Məhz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Daha sonra tədbir iştirakçılarından Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, şəhid atası Şahlar Hacıyev, Azərbaycan Bayrağı ordenli qazi Pərviz Mirzəyev və şair-jurnalist Kərəm Nəbiyev çıxış edərək 44 günlük Vətən Müharibəsi ilə bağlı duyğularını, xatirələrini paylaşmış, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışmış, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Tədbirdə 44 günlük Vətən Müharibəsinin xronikasını əks etdirən filmə baxılmış, Heydər Əliyev Mərkəzinin ətrafında və Şəhidlər Xiyabanında idarə, müəssisə, təşkilat kollektivlərinin, şəhid ailəsi üzvlərinin və qazilərin birgə iştirakı ilə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir.

Saat 12:00-da isə rayon ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 

 

 

 

 

Keçidlər