Gədəbəydə “27 sentyabr-Anım Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin məzarlarının ziyarət olunması davam edir.
14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan gədəbəyli gənclərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə rayonun Çobankənd, Novoivanovka, Novosaratovka, Yenikənd, Çalburun, Səbətkeçməz və Arısu kəndlərindən şəhid olmuş igid Vətən oğullarının məzarları ziyarət edilib, tər qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib. Azərbaycan xalqının fəxri olan şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.
Eyni zamanda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə etdilər.