Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Haimiyyətinin başçısı İbrahim Mustafayev bu gün Vətən müharibəsi şəhidinin 30 yaşını ailəsi ilə birlikdə qeyd etdi.

08 fevral 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Həsənov Etibar Ələddin oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Etibar Həsənovun bu gün 30 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”,  və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhidimiz Həsənov Etibarın atası Həsənov Ələddin və ailə üzvləri ilə birlikdə şəhidimizin doğum günündə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunduqdan sonra RİH başçısı şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

Ə. Həsənov şəhid atası kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Etibarın simasında şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.

Şəhid Həsənov Etibar Ələddin oğlu 07 fevral 1991-ci ildə Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olmuşdur. 1997-ci ildə Gədəbəy rayon Qarıkənd kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2006-ci ildə Gədəbəy rayon Peşə litseyinə daxil olmuşdur. 2009-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2010-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətini başa vurmuşdur. 2019-cu ilin may ayının 15-də “N” saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçularının hazırlığı kursunda əsgər sürücü ixtisası almışdır. Elə həmin ildən Gədəbəy rayon “N” saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayının 28-də 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq Vətənin müdafiəsinə yollanmışdır. Füzuli şəhərinin və digər kəndlərin və yüksəkliklərin alınmasında fəal iştirak edib. Şuşa uğrunda gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il noyabr ayının 12-də doğulub boya-başa çatdığı Gədəbəy rayonunun Qarıkənd kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. Fuad və Səma adlı iki azyaşlı övladı yadigar qalıb. 

Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Etibar Həsənovun da şücaəti dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Etibar Həsənov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” və  medalları ilə təltif olunmuşdur.

Keçidlər