Şriftin ölçüsü :

Saytın rəngi :

Hər kəs pandemiya ilə mübarizədə ciddi məsuliyyət nümayiş etdirməlidir

04 iyun 2020 | 16:00

Ekspertlər qeyd edirlər ki, yeni növ koronavirus infeksiyasının təsirlərindən mümkün qədər qorunmaq üçün bütün tələblərə riayət olunmalıdır.
Sirr deyil ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə atılan addımlar, reallaşdırılan sosial izolyasiya tədbirləri öz nəticəsini verdi. Belə ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə oldu, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələdi. Lakin xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb.
Bunun başlıca səbəbi vətəndaşların məsələyə, necə deyərlər, loyal yanaşmasındadır. Daha doğrusu, əksər ekspertlərin vurğuladıqları kimi, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır.
Pandemiyanın başlamasından sonra ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Bu gün Azərbaycan səhiyyəsinin hansı səviyyədə baş verə biləcək dalğanın qarşısını ala biləcəyi və bunu hansı şəkildə edə biləcəyi ilə əlaqədar xüsusi planı var.
Buraya yeni müalicə müəssisələrinin, qısa müddətdə bir neçə modul tipli xəstəxananın açılmasını aid etmək olar. Bu gün dövlət tərəfindən sadəcə tibbi nöqteyi-nəzərdən deyil, iqtisadi, sosial, psixoloji və bir çox məsələlərə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun olaraq karantin şərtlərinin yumşaldılması və məhdudiyyətlərin ləğv olunması həm hökumət, həm də cəmiyyət üçün arzuedilən yoldur və bu yol məharətlə keçilib.
COVID-19, yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. Ən səmərəli müalicə formasının sosial izolyasiya, ən səmərəli yolun verilən tövsiyələrə əməl etmək lazımdır. Ən başlıcası isə, bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəsilin nümayəndələri görüş və ünsiyyət formasında indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVID-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir.
İnfeksiyaların yoluxma və artmasının, xəstəxana içərisində təhlükələrin azaldılması üçün ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik.

Keçidlər