Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə keçirilən Milli Yaylaq Festivalının üçüncü – sonuncu günü də maraqlı anlarla yadda qaldı.

29 iyul 2019 | 16:00

Gədəbəy rayonunda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə keçirilən Milli Yaylaq Festivalının üçüncü – sonuncu günü də maraqlı anlarla yadda qaldı. Üç gün ərzinə 50  min nəfərdən çox insan, o cümlədən yerli və xarici turistlər, iş adamları, diplomotik korpus və media nümayəndələri iştirak etmişdir.
Gədəbəy rayonunun ərazisində yerləşən Düzyurd-Miskinli yaylağında, nadir konsepsiya əsasında təşkil olunmuş ilk Milli Yaylaq Festivalına 16 ölkədən qatılan minlərlə iştirakçı-turist etno-qəsəbənin ərazisindəki yaşayış yurdları (alaçıqlar), “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış olublar. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların marağına səbəb olub.
Festival iştirakçıları aşıqların deyişməsini, milli rəqsləri (yallılar, cəngilər), tamaşaları, qədim xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunub. Meydana daxil olan çaparların yorğa atlarla çıxışı alqışlarla qarşılanıb.
Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin  çıxışları isə festivalın bayram ovqatına əlavə rəng qatıb.
Festival çərçivəsində bir tərəfdə yorğa və çaparaq at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı, çoban güləşi, zorxana, oxatma yarışları keçirilib, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları – qurşaq, kəndirdartma təşkil olunub.
Festivalın sonunda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Müstafayev tərəfindən xarici ölkədən gəlmiş qonaqlara isə üzərində rayonun tanıtım videosunun disk və Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən  möhtəşəm tarixi abidələrindən  qız qalasının şəkli olan simvolik əşya təqdim olunmuşdur. Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vurulub. Beləliklə, Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün ən xoş anlarla və unudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.
Qeyd edək ki, Milli Yaylaq Festivalının təşkilində əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, nadir mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarətdir.
Festival Gədəbəy Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), “Cavadxan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Atçılıq Federasiyası və Dünya Etnoidman Konfederasiyasının rəsmi dəstəyi ilə keçirilib.

 

 

Keçidlər