Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda yeni məktəb binası istifadəyə verilmişdir.

04 oktyabr 2021 | 16:00

Oktyabrın 04-də Gədəbəy rayonunda 2 saylı Qoşabulaq kənd tam orta məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.
Heydər Əliyev Fondu tərəfindən tikilmiş 180 şagird yerlik Qoşabulaq kənd 2 saylı tam orta məktəbinin yeni binasının açılışında rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, təhsil işçiləri, müəllim, şagird və valideynlər iştirak etmişlər.
Məktəbin açılışı zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, o cümlədən Gədəbəydə son illər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi, bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıb.
Bildirilib ki, Qoşabulaq kənd 2 nömrəli tam orta məktəb 1959-cu ildə inşa olunmuş 6 sinif otağından ibarət binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 180 şagird yerlik yeni məktəbin inşasına 2019-cu ilin avqust ayında başlanılıb və 2021-ci ilin oktyabr ayında yekunlaşıb. İkimərtəbəli bina 1 korpusdan ibarətdir.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və valideynlər dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Məktəb binasında 12 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.
2021-2022-ci tədris ilində təhsil müəssisəsində 165 şagirdin, məktəbəhazırlıq qrupunda isə 8 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 25 nəfər pedaqoji işçi çalışır.

 

Keçidlər